Xəbərlər
Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü

Mingəçevir Dövlət Universitetində Beynəlxalq Müəllimlər Günü
5 oktyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Sizinlə gələcəyə” adlı tədbir keçirilib.
Professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbirdə müəllim əməyinə hörmət və minnətdarlıq ifadə olunub. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Heydər Əliyevin müəllimlik peşəsi haqqında fikirləri təqdim olunub.
MDU-nun rektoru Anar Eminov professor-müəllim heyətini peşə bayramı münasibətilə təbrik edib. Rektor müəllimlərin tələbələrin bilik və bacarıqlarının, dünyagörüşünün və sosial məsuliyyət hissinin formalaşmasındakı rolunu vurğulayıb, universitetin dayanıqlı inkişafında peşəkar akademik heyətin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən dosent Esmira Cəfərova və gənc müəllim Səbinə Musayeva müəllimləri təbrik edərək müəllimlik ənənələrinin yaşadılmasının və müəllim-tələbə münasibətlərində qarşılıqlı etimadın əhəmiyyətini qeyd ediblər.
Tələbələr müəllimlərinə ünvanladıqları təbrikləri doqquz dildə səsləndirərək minnətdarlıqlarını ifadə ediblər. Tədbir birinci kurs tələbələrinin hazırladığı bədii proqramla davam edib. Şeir, gitara, nağara və tarın müşayiəti ilə musiqi nömrələri, milli rəqs və xarici dildə mahnı təqdim olunub.
Bayram münasibətilə rektor Anar Eminov universitetin müxtəlif fakültələrinin müəllimləri ilə görüşərək onları təbrik edib. Görüşlər zamanı tədris və elmi fəaliyyət, tələbələrin peşəkar hazırlığı və müəllimlərin universitetin inkişafına töhfələri barədə fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində uzunmüddətli pedaqoji fəaliyyəti, tədris və elmi nailiyyətləri ilə seçilən müəllimlər, eləcə də fəaliyyəti ilə fərqlənən gənc əməkdaşlar təltif olunublar.
MDU tələbələri üçün karyera planlaması üzrə təlimlər keçirilib

MDU tələbələri üçün karyera planlaması üzrə təlimlər keçirilib
29 sentyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin əmək bazarına hazırlığının gücləndirilməsi məqsədilə “Karyera planlaması” və “Düzgün CV hazırlığı” mövzularında ardıcıl iki təlim keçirilib. “Karyera planlaması” mövzusunda keçirilən təlimdə tələbələrə maraq və bacarıqların düzgün qiymətləndirilməsi, peşəkar hədəflərin müəyyənləşdirilməsi və həmin hədəflərə uyğun inkişaf istiqamətlərinin planlaşdırılması barədə məlumat verilib. Müasir əmək bazarında uğurlu karyera qurmaq üçün nəzəri biliklərlə yanaşı, praktik və peşəkar bacarıqların davamlı inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
“Düzgün CV hazırlığı” mövzusunda keçirilən təlimdə isə effektiv CV-nin hazırlanması prinsipləri, CV-nin əsas bölmələri, təhsil və iş təcrübəsi haqqında məlumatların düzgün təqdim olunması, bacarıqların vakansiyanın tələblərinə uyğun əks etdirilməsi və iş müraciətlərində yol verilən əsas səhvlər barədə praktik tövsiyələr verilib.
İnteraktiv formatda keçirilən təlimlər zamanı tələbələrin sualları cavablandırılıb, karyera planlaması və işə müraciət prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimlərin əsas məqsədi tələbələrin gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirməsinə, iş axtarışı və işə müraciət bacarıqlarının inkişafına, eləcə də əmək bazarının dəyişən tələblərinə uyğun peşəkar kompetensiyalar formalaşdırmasına dəstək göstərmək olub.
Keçirilən bu cür təlimlər tələbələrin məşğulluq imkanlarının genişləndirilməsinə və onların əmək bazarına daha hazırlıqlı, çevik və rəqabətqabiliyyətli mütəxəssislər kimi daxil olmalarına xidmət edir.
Mingəçevirdə “Sosial bərabərlik: gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib

Mingəçevirdə “Sosial bərabərlik: gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib
Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə “Sosial bərabərlik: gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə universitet əməkdaşları və tələbələr iştirak ediblər.
Dəyirmi masanın əsas məqsədi sosial bərabərlik, bərabər imkanların təmin olunması, uşaq hüquqlarının müdafiəsi və təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasında gənclərin roluna diqqət çəkmək olub.
Tədbir çərçivəsində sosial bərabərliyin cəmiyyətin inkişafındakı əhəmiyyəti, gənclərin ictimai proseslərdə fəal iştirakı, bərabər imkanların təşviqi və sosial məsuliyyətin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən universitet əməkdaşları gənclərin sosial məsuliyyətinin artırılmasının, ictimai təşəbbüslərdə fəal iştirakının və cəmiyyətdə bərabər imkanların təşviqinə töhfə vermələrinin əhəmiyyətindən bəhs ediblər.
Mövzu ilə bağlı təqdimat zamanı uşaq hüquqlarının müdafiəsi, bərabər imkanların yaradılması və rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması məsələlərinə toxunulub. Bu istiqamətlərdə gənclərin məlumatlılığının artırılmasının və fəal iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, gənclərin sosial bərabərliyin təşviqində daha fəal iştirakına dair fikir və təkliflər səsləndirilib.
Tədbir gənclər arasında sosial məsuliyyətin gücləndirilməsi, bərabər imkanların təşviqi və inklüziv mühitin formalaşdırılması baxımından əhəmiyyətli olub.
MDU kollektivi Anım Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib

MDU kollektivi Anım Günü münasibətilə Şəhidlər xiyabanını ziyarət edib
27 sentyabr 2026-cı il tarixində Anım Günü münasibətilə Mingəçevir Dövlət Universitetinin (MDU) kollektivi Mingəçevir şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri düzülüb.
Şəhidlərimizin Vətən qarşısındakı misilsiz xidmətləri, göstərdikləri qəhrəmanlıq və fədakarlıq ehtiramla anılıb. Onların şərəfli həyat yolunun gələcək nəsillərə örnək olduğu, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun gənclər arasında yaşadılmasının əhəmiyyəti vurğulanıb.
MDU Həmkarlar İttifaqı Komitəsi şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların qəhrəmanlıq irsinin yaşadılmasını və gənc nəslə çatdırılmasını mühüm mənəvi dəyər hesab edir.
Bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik!
Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə 6-cı yerdə qərarlaşıb

Mingəçevir Dövlət Universiteti UI GreenMetric 2026 reytinqində Azərbaycan üzrə 6-cı yerdə qərarlaşıb
Mingəçevir Dövlət Universitetinin (MDU) UI GreenMetric Sustainable University Rankings 2026 nəticələrinə əsasən Azərbaycan üzrə 6-cı yerdə qərarlaşması universitet kollektivinin dayanıqlı inkişaf istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm nəticəsidir.
24 sentyabr 2026-cı il tarixində Bakıda keçirilən beynəlxalq reytinqin nəticələrinin elan olunması və mükafatlandırma mərasimində MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Universitetin ölkə üzrə ilk onluqda yer alması, eləcə də paytaxtdan kənarda yerləşən ali təhsil müəssisələri arasında bu mövqeyə yüksələn yeganə universitet olması kollektivimiz üçün qürurverici hadisədir.
MDU Həmkarlar İttifaqı Komitəsi olaraq universitetimizi bu münasibətlə təbrik edir, dayanıqlı inkişaf, ekoloji məsuliyyət və yaşıl kampus istiqamətində görülən işlərə töhfə verən bütün əməkdaşlara təşəkkürümüzü bildiririk.
MDU-da Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçirilib

MDU-da Beynəlxalq Universitet İdmanı Gününə həsr olunmuş veloyürüş keçirilib
20 sentyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində Beynəlxalq Universitet İdmanı Gününə həsr olunan veloyürüş keçirilib.
Tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviq etmək, universitet idmanına marağı artırmaq, eləcə də aktiv və dayanıqlı yaşam mədəniyyətinin formalaşmasına töhfə vermək olub.
Veloyürüş zamanı fiziki fəallığın insan sağlamlığının qorunmasında, həyat keyfiyyətinin yüksəldilməsində və sağlam vərdişlərin formalaşdırılmasında rolu vurğulanıb. Eyni zamanda, velosipeddən gündəlik nəqliyyat vasitəsi kimi istifadənin təşviqi, aktiv mobillik imkanlarının genişləndirilməsi və ekoloji məsuliyyətli davranışların təşviqi diqqət mərkəzində olub.
Bu kimi təşəbbüslər tələbələrin sosial və fiziki fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili və universitetdə sağlam mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Birgə veloyürüş tələbələr arasında həmrəylik və komanda ruhunun gücləndirilməsinə, sağlam həyat tərzinin təşviqinə, eləcə də dayanıqlı mobillik mədəniyyətinin inkişafına xidmət edib.
Tədbir MDU-da sağlamlıq, rifah və ekoloji məsuliyyət prinsiplərinə əsaslanan universitet mühitinin inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərin davamı olub.
Mingəçevir Dövlət Universitetində Bilik Günü tədbiri keçirildi

Mingəçevir Dövlət Universitetində Bilik Günü tədbiri keçirildi
Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanması münasibətilə Bilik Günü tədbiri keçirilib. Universitetin rəhbərliyi, professor-müəllim heyəti, əməkdaşlar və tələbələrin iştirak etdiyi tədbirdə yeni tədris ilinin hədəfləri, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetin inkişaf perspektivləri diqqət mərkəzində olub.
Tədbirdə çıxış edənlər tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, bilik və bacarıqların artırılmasının, elmi fəaliyyətə marağın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Mingəçevir Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsi də Bilik Günü münasibətilə tələbə və əməkdaşları təbrik edib, universitet kollektivinə yeni tədris ilində uğurlar arzulayıb. Komitə təhsilalanların və əməkdaşların sosial rifahının dəstəklənməsi, sağlam və yaradıcı universitet mühitinin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Yenilənən infrastrukturu, genişlənən təhsil və tədqiqat imkanları ilə yeni hədəflərə doğru irəliləyən MDU üçün yeni tədris ili inkişaf, əməkdaşlıq və yeni nailiyyətlərlə yadda qalacaq.
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.
Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.
Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.
Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.
ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib.
Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
MDU-da Turizm və marketinq kafedrasının fəaliyyəti müzakirə olunub

MDU-da Turizm və marketinq kafedrasının fəaliyyəti müzakirə olunub
Görüşdə kafedranın müəllimləri, işə qəbul müsabiqəsində uğur qazanan namizədlər, Mingəçevir Regional Turizm İdarəsinin rəhbərliyi və turizm sektorunun nümayəndələri iştirak ediblər.
Görüş zamanı müasir əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığı, tələbələrin praktiki bacarıqlarının inkişafı, universitet–sənaye əməkdaşlığının genişləndirilməsi və regionun turizm potensialının tədris prosesinə inteqrasiyası məsələləri müzakirə olunub.
Həmçinin qeyd edilib ki, 2026/2027-ci tədris ilindən MDU-da turizm sahəsində ilk dəfə ingilis dilində kadr hazırlığına başlanılır. Bu imkanın tələbələrin beynəlxalq turizm sektorunda rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına töhfə verəcəyi vurğulanıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mingəçevir Dövlət Universiteti Komitəsi yeni kafedranın yaradılmasını alqışlayır və kollektivinə fəaliyyətində uğurlar arzulayır.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
MDU-da rekord tələbə qəbulu – 1717 gənc universitet tələbəsi adını qazandı

MDU-da rekord tələbə qəbulu – 1717 gənc universitet tələbəsi adını qazandı
2026/2027-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun ilkin nəticələrinə əsasən, Mingəçevir Dövlət Universiteti (MDU) fəaliyyət tarixinin ən yüksək qəbul göstəricisinə nail olub.
Belə ki, universitet üzrə qəbul planının 98,10 faizi yerinə yetirilib və 1717 abituriyent MDU tələbəsi adını qazanıb. I ixtisas qrupu üzrə qəbul göstəricisi 99,20%, II qrup üzrə 96,60%, III və IV qruplar üzrə isə 100% təşkil edib.
Cari qəbul nəticələrində bir sıra ixtisaslar üzrə 100 faizlik qəbul göstəricisinin əldə olunması, eləcə də yüksək balla MDU-nu seçən tələbələrin sayının artması universitetə olan marağın yüksəldiyini göstərir.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Mingəçevir Dövlət Universiteti Komitəsi bu əlamətdar nəticə münasibətilə universitetin professor-müəllim və inzibati heyətini, xüsusilə də qəbul prosesində əməyi olan bütün əməkdaşları təbrik edir.
MDU-ya qəbul olunan bütün tələbələrə yeni tədris ilində uğurlar, yüksək nailiyyətlər və parlaq tələbəlik həyatı arzulayırıq!


